Xəzər Xəbər

Ucar və Saatlı rayonlarında qətl törədilib TƏFƏRRÜAT/VİDEO

Veb TV | 21:32 • 4 İyun 2023
Ucar və Saatlı rayonlarında qətl törədilib

Ucar rayonunun Rəstəcə kəndində qətl törədilib. 

Xezerxeber.az-ın məlumatına görə,

Hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Kənd sakini 35 yaşlı Anar Əliyevin rayonda yerləşən maşınyuma sexinə gələrək, oranın əməkdaşı 27 yaşlı  Rüfət İsmayılzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Daha sonra yaşadığı Rəstəcə kəndinə gələrək həyat yoldaşı, 28 yaşlı Könül Əliyevanı bıçaqlayaraq öldürüb.

Yaralı Rüfət İsmayılzadə dərhal Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun daxilə nüfuz edən 4 bıçaq xəsarəti aldığı məlum olub. Həkimlər əməliyyat olunan Rüfət İsmayılzadənin vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Şahidlərin sözlərinə görə, cinayət baş verən zaman evdə hadisəni törətməkdə şübhəli bilinən şəxsin 4 azyaşlı övladı da olub. Hadisədən sonra bacısıgilə gedən Anar Əliyevin daha sonra polisə zəng vuraraq təslim olduğu bildirilir.

Anar Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Hadisələri törətməkdə şübhəli bilinən Anar Əliyevin atası isə bildirib ki, oğlunun bir müddətdir psixoloji problemləri olub.

Saatlıda isə 18 yaşlı oğlan xalasının ərini öldürməkdə şübhəli bilinir. Cinayət hadisəsi ötən gecə baş verib.

Saatlı rayon sakini 18 yaşlı  Kənan Nərimanzadə münaqişə zəminində xalasının həyat yoldaşı, Nərimankənd sakini 45 yaşlı Elşad İsmayılovu bir neçə bıcaq zərbəsi ilə qətlə yetirməkdə şübhəli hesab olunur.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və Kənan Nərimanzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar