Güclü külək Ağcabədidə fəsadlar törədib.
Xezerxeber.az xəbər verir ki, rayon ərazisində ağaclar aşıb, fərdi evlərə və yardımçı binalara, fermer təsərrüfatlarına ziyan dəyib, yaşayış məntəqələrinin bir çoxunda elektrik enerjisinin verilişində fasilə yaranıb. Rayonun Hindarx qəsəbə sakini, 60 yaşlı Allahverən Mamedov küləyin aşırdığı tut ağacının altında qalaraq dünyasını dəyişib.
“Gün ərzində fəsadlar aradan qaldırılıb.”
İsmayıllıda da əlverişsiz hava şəraiti bir sıra fəsadlara yol açıb. Güclü külək Aşıqbayramlı kənd tam orta məktəbinə ziyan vurub.
Göyçayda da bənzər vəziyyət yaşanıb. Qasırğa rayon mərkəzində yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü qoparıb. Ağaclar aşıb, elektrik naqilləri qırılıb. Elektrik enerjisinin verilişində kəsintilər olub. Sel Göyçay şəhərinin mərkəzi küçələrində avtomobillərin və piyadaların hərəkətində ciddi çətinlik yaradıb. Bir neçə evin zirzəmisini və həyətyanı sahəsini su basıb.
“Güclü külək nəticəsində iki nəfər xəsarət alıb, bir nəfər isə maşında ürəktutmasından dünyasını dəyişib.”
Şəmkirin Zəyəm qəsəbəsinə isə sel gəlib. Aidiyyəti qurumların əməkdaşları şiddətli yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub. Yaşayış məntəqəsində fərdi evlər, həyətyanı sahələrdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib.
Bu arada Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, yağıntılı hava şəraitinin iyunun 3-ü gündüzədək davam etməsi ilə əlaqədar istənilən çayın hövzəsində sel təhlükəsi qalır.
Ona görə də, rayonlarda, sahilyanı ərazilərdə yaşayan insanlar ehtiyatlı olmalı, çayın məcrasına yaxınlaşmamalıdırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: