Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib.
Xezerxeber.az xəbər verir ki, bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparıb.
"İkinci turda sadəcə prezident seçkilərinin keçirildiyindən, səsvermənin nəticələrinin daha qısa zamanda açıqlanacağı gözlənilir.
Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib. Onun sözlərinə görə, səsvermə prosesi problemsiz davam edib.
İnsanlar səsvermədə aktiv şəkildə iştirak edərək öz namizədlərinə səslərini veriblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da bu gün İstanbul Üsküdarda yerləşən Saffet Çebi orta məktəbində səs veriblər.
Müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə paytaxt Ankarada səsvermədə iştirak edib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki seçkilərdən sonra Türkiyə yeni mərhələyə başlayacaq. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki prezident seçkilərinin ikinci tura qalması Türkiyə tarixində bir ilkdir.
"Beləliklə, biz həm də bütün dünyaya dərs verdik. Birinci tur kimi ikinci turun da demokratiya festivalına çevrilməsini arzu edirəm"- deyə o qeyd edib.
Qeyd edək ki seçki prosesi saat 17:00-dan etibarən artıq yekunlaşıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: