Sosial şəbəkələrdə geniş əks-səda doğuran bu görüntülərdəki yeniyetmə, uşaq evinin 16 yaşlı sakinidir. O, sakini olduğu Xətai rayonu, 3 saylı Uşaq evinə gətirilən ərzaqların uşaqlara verilmədiyini, mənimsənildiyini iddia edir.
Xezerxeber.az məlumat verir ki, “Xəzər Xəbər” bu iddiaları araşdırmaq üçün sözügedən uşaq evində olub.
Ancaq direktorun işdə olmadığı bildirilərək, çəkiliş qrupunun içəri daxil olmasına imkan verilməyib. İddialara isə direktorun müavini cavab verdi.
Uşağın uşaq eviylə nə qərəzi ola bilər?" sualına cavab olaraq isə, direktor müavini bildirdi ki, yeniyetmə 12 yaşı olanda övladlığa verilib. İl yarım sonra həmin ailə tərəfindən siqaret çəkməsi, içki içməsi, evə gəlməməsi kimi uyğunsuz davranışları səbəbindən məhkəmənin qərarı ilə geri qaytarılıb. Uşaq evinə geri döndükdən sonra eyni əməllərə burada da davam edib.
“Xəzər Xəbər” Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında da olub. Yeniyetməylə söhbətdə o, uşaq evində nəinki uşaqlara yemək verilmədiyini, hətta uşaqlara qarşı fiziki təzyiq göstərildiyini bildirdi.
Yeniyetməni müayinə edən həkim Sevinc Hüseynova bildirdi ki, yeniyetmə ötən gecə saat 03:20 radələrində Xətai rayon polis şöbəsi tərəfindən davranışında pozuntu olmasıyla əlaqədar təcili yardımla Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxanada hazırda müayinə və müalicə edilir, onunla psixoloji söhbətlər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: