Problemi olan insanların bəzilərinin ehtiyac duyduğu ilk şey dərdini bölüşməkdir. Bunun üçün kimisi doğmalarına və dostlarına, kimisi isə psixoloqlara müraciət edir.
Xezerxeber.az xəbər verir ki, ancaq son dövrlər bir çoxlarının “yaşam koçu” kimi adlandırdığı həyat təlimçilərinə də üz tutanlar çoxalıb. Belə təlimçilərə isə inananlar da var, etibar etməyənlər də.
6 ildir həyat təlimçisi olan Nuridə Cavadova deyir ki, problemə yanaşmadan asılı olaraq həyat təlimçiləri psixoloqlardan daha tez nəticə qazana bilirlər. Psixoloq pasiyenti “niyə?” sualı ətrafında düşündürürsə, həyat təlimçisi “necə?” sualının cavabını tapmağı təlqin edir. Yəni, “bu problemin daha tez həlli üçün necə edə bilərəm?” tipli suallarla onu düşünməyə vadar edir.
Nuridə Cavadova bildirir ki, bu peşə ilə məşğul olmaq üçün xüsusi təlimlərdən keçmək lazımdır və bütün bunların elmi əsasları mövcuddur.
Həyat təlimçisinin sözlərinə görə, bu sahə ilə məşğul olanlar arasında rəqəmlər və əşyalarla işləyənlər də var. Belə ki, onlar müsbət enerjini söz, rəqəm və ya əşyalarla kodlaşdıraraqşəxslərin düşüncələrinə təsir edirlər. Burada başlıca məqsəd inam yaratmaqdır.
Psixoloq Aygül Məlikova isə bildirir ki, həyat təlimçiləri əsasən problemin müvəqqəti həllini təmin edərək insanlara qısamüddətli pozitiv enerji ötürür. Ancaq problemin mənbəyini tapmadan müsbət enerjiyə köklənən şəxs eyni problemlə yenidən qarşılaşa bilər.
Sosioloq Rəşad Əsgərov da deyir ki, həyatının yalnız uğurdan ibarət olmasını və bunun bir göz qırpımında baş verməsini arzulayanlar çoxdur. Nəticədə insanlar kiminsə ona rəhbərlik etməsini istəyirlər. Həyat təlimçilərinə müraciət edib ilkin mərhələdə müsbət geridönüş aldıqdan sonra isə davamlı olaraq pozitiv hadisələr yaşayırlar.
Mütəxəssislər qeyd edir ki, bu sahədən istifadə edərək insanları aldatmağa çalışanşəxslər də var. Məhz buna görə vətəndaşlara müraciət etdikləri təlimçilərin təhsilini və biliyini araşdırmaq tövsiyə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: