İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası davam edir.
Xezerxeber.az xəbər verir ki, martın 20-dən tədbirlərdə iştirak edən hüquq müdafiəçisi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin eksperti Azər Həsrət həftəsonu toplantısında İranda azərbaycanlıların hüquqları və Ermənistanın etnik təmizləmə siyasəti haqqında danışıb.
Təəssüflə bildirilib ki, İran rəsmən İslam dövləti olsa da, dindən fars olmayan millətləri sıxışdırmaq üçün bəhanə kimi istifadə edir. Bəzi hesablamalara görə, İranda təqribən 30-40 milyon Azərbaycan türkü yaşayır. Lakin onların hələ də ana dilindən istifadə hüququ yoxdur. İran bu “azlıq” üçün türk dilində məktəb təşkil etmək məsələsində “sinifdə qalıb”. Daha dəhşətlisi isə odur ki, məktəb yaşına çatmış uşaqlar fars dilini bilməzsə, təhsil almaq üçün qeydiyyatdan keçə bilməzlər.
Diqqətə çatdırılıb ki, telekanallar da daxil olmaqla, İran mediası üçün ölkədə türk dilində danışan bütün insanları təhqir etmək adi haldır. İranın Azərbaycan türklərinin çoxluq təşkil etdikləri əyalətlərində iqtisadi vəziyyət ölkənin digər bölgələri ilə müqayisədə olduqca pisdir.
Qeyd olunub ki, hətta təbii fəlakət zamanı da İran öz əhalisinə biganə yanaşıb. Belə ki, bu il yanvarın 28-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələ zamanı İran hökuməti digər insanların oranın əhalisinə yardım etmələrini əngəlləyib. Hökumətin özü də ehtiyac içərisində olan insanlara yardım məsələsinə biganə qalıb.
Sonda vurğulanıb ki, İran kimi, Ermənistan da başqa millətlərə qeyri-tolerant münasibət bəsləyir, azlıqların insan haqlarına biganə yanaşma nümayiş etdirir. 1988-ci ildə və ondan sonra təqribən 230 min azərbaycanlı Ermənistanda etnik təmizləməyə məruz qalıb. Beləliklə, Ermənistan dünyanın azsaylı monoetnik ölkələrindən birinə çevrilib.
Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası fevralın 27-də başlayıb və aprelin 4-də başa çatacaq. Sessiyada dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətlərinin təmsilçiləri də iştirak edirlər.
Həmin videogörüntünü təqdim edirik: