Bayden Administrasiyası növbəti dəfə Azərbaycanı demokratiya sammitinə dəvət etməyib.
Xezerxeber.az məlumat verir ki, martın 29-30-u videoformatda təşkil olunacaq sammitə ev sahibliyi edən ABŞ yenə də Cənubi Qafqazı bölmək və ayırıcı xətlər çəkmək siyasətini yürüdür. Görünür, Vaşinqton demokratiyadan tamamilə bixəbər olan bir sıra ölkələri sammitə toplamaqla sanki nəyisə sübut etməyə çalışır.
Bəs görəsən, Azərbaycan ikinci dəfə demokratiya sammitinə niyə dəvət olunmayıb? Problem odur ki, meyar qərəzlidir və təxribat motivlidir. Yəni meyar heç də demokratiya, insan hüquqları deyil. Müqayisə etdikdə birinci sammitin arxasında dayanan məqamların bu dəfə də özünü doğrultduğunu görmək mümkündür.
Bunu siyasi şərhçi Orxan Amaşov deyib.
Co Baydenin xüsusi köməkçisi Rob Berşinski açıqlamasında deyib ki, bu, demokratiya üçün forumdur, lakin bütün demokratik ölkələrin forumu deyil. Yəni digər dövlətlər üçün də qapı açıqdır. Azərbaycanın iştirakı ilə bağlı suala gəldikdə isə, o, "proses gedir və davam edəcək" deyə cavab verib. Görünən odur ki, ABŞ sadəcə söz oyunu oynayır və bu addımları ilə əsl demokratiyaya xidmət etmir.
NATO-nun aparıcı ölkələrindən biri olan Türkiyənin də demokratiya sammitinə dəvət olunmaması isə Qərbin bu ölkədə keçiriləcək seçkilərə də təsir etmək niyyətində olduğunu aşkar şəkildə göstərir. Bununla yanaşı, Avropa İttifaqı üzvü olan Macarıstan da sammitə çağırılmayıb. Ermənistanda isə insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Amma bununla belə Ermənistan yenə də dəvət olunanlar siyahısındadır.
Bu arada, sammitə Gürcüstanın baş naziri deyil, prezidenti dəvət olunub.
Sammitin əsas təşkilatçısı isə rəhbəri qatı ermənipərəst Samantha Pover olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Milli Demokratiya Fondudur. O Fond ki, bir vaxtlar Azərbaycanda inqilab etmək istəyirdi. Bu fakt özü belə çox məramlara aydınlıq gətirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: