Bu gün Qazaxın Bağanis-Ayrım kəndində törədilmiş soyqırımı aktından 33 il ötür.
Xezerxeber.az xəbər verir ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Qazaxın Bağanis-Ayrım kəndinə hücum ediblər. Kənddə yaşayan dinc sakinlər və onların evləri müxtəlif istiqamətlərdən iriçaplı odlu silahlardan - pulemyot, avtomat və qumbaraatanlardan atəşə tutulub.
Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyir ki, cinayət təqibi üzrə toplanan materialların 5 əsas istiqaməti müəyyənləşdirilib. Həmin istiqamətlər üzrə cinayət hadisələrinin araşdırılması, şübhəli olan şəxslərin müəyyənləşdirilməsi, sübutların toplanması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilib.
Onun sözlərinə görə, Bağanis-Ayrım soyqırımını törətdikləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, Bağanis-Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilən və yandırılan kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün də Qazaxın yeddi kəndi Ermənistanın işğalı altındadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: