İranın ölkəmizdəki səfirliyinin qarşısında piket keçirilib.
Xezerxeber.az məlumat verir ki, Almaniyanın Yena Universitetinin 27 yaşlı azərbaycanlı tələbəsi, İranda yoxa çıxmış Fərid Səfərlinin yaxınları səfirliyin qarşısında etirazlarını belə ifadə ediblər.
Onlar ''Fəridi geri qaytarın!'', "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" kimi şüarlar səsləndiriblər.
Yaxınlarının sözlərinə görə, Fərid ailəsi ilə birlikdə Almaniyada yaşayır. O, fevralın 20-də eyni universitetdə təcrübə keçmiş, dostluq münasibətində olduğu bir qızla görüşmək üçün valideynlərindən xəbərsiz Tehran şəhərinə gedib.
Məlumata görə, martın 4-də Fərid tələbə yoldaşlarından geri dönüş üçün bilet almağı xahiş edib. Həmin gündən ondan xəbər yoxdur. Fərid Səfərlinin hüquqlarını müdafiə komitəsinin üzvü İlqar Hüseynli bildirib ki, anası Dilarə Əsgərova Berlində İran səfirliyində olub.
Piketin sonunda İran səfirliyi qarşısına qətnamə qoyulub. Vurğulanıb ki, İran hakimiyyəti həm Azərbaycanın, həm də Almaniyanın rəsmi çağrışlarına cavab verməməklə, əsl xislətini bir daha ortaya qoyur.
Xezerxeber.az mövzu ilə daha ətaraflı videomaterilı təqdim edir: