2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
“Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər.
Azərbaycan Prezidenti bildirib ki, bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Dövlətimizin başçısı vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayılda olub.
Prezident İlham Əliyev, həmçinin işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.