Bakının Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 1A ünvanında uşaqların illərdir oynadıqları həyətdə hazırda ikimərtəbəli obyekt tikilir. Bu isə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar iddia edirlər ki, obyekt qanunsuz olaraq inşa edilir.
Sakinlərin iddiasına görə, tikintini aparan şəxs əvvəllər həyətin bir hissəsindəki torpağın icarədarı olub. Sonradan tikinti işlərinə başlayanda uşaqların oynadığı sahə də zəbt edilib və tikinti sahəsinə cəlb olunub.
Sakinlərin təqdim etdiyi sənəddə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2020-ci ilin dekabrın 17-də ərazidəki tikintinin qanunsuz olaraq aparıldığı və bu səbəblə inşaat işlərinin dayandırıldığı barədə məlumatı yer alıb.
Sakinlərin sözlərinə görə, tikintini aparan şəxs iddia edir ki, onlara tikinti icazəsini Xətai Rayon İcra Hakimiyyəti verib. Ancaq Bakı Şəhər İnzibati Məhkəməsi icra hakimiyyətinin həmin bəhs edilən qərarını etibarsız hesab edən qətnamə çıxarıb. Bu, sakinlərin təqdim etdiyi məhkəmə qərarında da öz əksini tapır.
Məsələ ilə bağlı ərazidə tikinti işlərini apardığı bildirilən Elxan adlı şəxslə əlaqə saxladıq. O bildirdi ki, tikintiyə dair hər bir sənədləri mövcuddur.
Tikintini aparan şəxsdən sənədləri göstərmək istədikdə, o, sənədləri bir qədər tikintinin getdiyi əraziyə gətirəcəyini bildirdi. Ancaq sonradan zənglərimizə cavab verən olmadı.
Məsələ ilə bağlı ərazidəki sakinlərin vəkili Vamiq Şükürov bildirdi ki, tikintinin sökülməsi ilə bağlı aidiyyəti quruma müraciət edilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tikili ilə bağlı qərar verilməsi üçün Nazirliyin mütəxəssis qrupu tərəfindən əraziyə baxış keçiriləcək və qanuna uyğun qərar qəbul ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: