Azərbaycanlıların İrana səfəri və geri qayıtmasında yaranan əngəllər artmaqda davam edir.
Xezerxeber.az-ın məlumatına görə, bu hal son zamanlar İranın anti-Azərbaycan yönümlü kampaniyasının tərkib hissəsinə çevrilib.
Almaniyada yaşayan 26 yaşlı Azərbaycan vətəndaşı Səfərli Fərid fevralın 20-də keçmiş qrup yoldaşı iranlı xanım ilə görüşmək üçün iki həftəlik İstanbula yola düşüb. Lakin qrup yoldaşı iranlı xanım görüşmək üçün Türkiyəyə gəlməyib. Ona görə də Fərid özü İrana getməli olub.
Valideyni Dilarə Əsgərova deyir ki, oğlu tələbə yoldaşı ilə görüşəcəyini deyib və gedib. İrana gedəndən sonra isə onunla əlaqə tamamilə kəsilib.
Valideyni Dilarə Əsgərova güman edir ki, oğlu İranda saxlanılıb. O, oğlunun tapılması üçün müvafiq dövlət qurumlarına müraciət etdiyini də bildirib.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, quruma Fərid Səfərli barədə məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır və bu istiqamətdə lazımi addımlar atılacaq.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən vətəndaşlara "zəruri olmadığı təqdirdə İrana səfər etməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri" tövsiyə edilir.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi Fərid Səfərlinin vəziyyətinə aydınlıq gətirilməsi məqsədilə İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: