Şəki və Oğuz rayonlarında ötən gün axşam saatlarından başlayaraq bu gün səhər saatlarına qədər fasilələrlə güclü külək əsib.
Xezerxeber.az-ın məlumatına görə, külək daha çox Oğuz rayon ərazisində müşahidə olunub və bəzi fəsadlar törədib. İrigövdəli ağac aşıb, nəticədə ərazidən keçən elektrik naqilləri qırılıb. Calut-1, Calut-2, Bucaq, Muxas, Baş daşağıl kəndləri və Malıx yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Güclü külək Oğuzda yerləşən fermanın dam örtüyünü qoparıb, metal örtük ərazidən keçən elektrik dirəklərinə çırpılıb. Bu səbəbdən 4 elektrik dirəyi aşıb, naqillər qırılıb. Nəticədə Oğuz şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Axşam saatlarından gücləndirilmiş iş rejiminə keçən Oğuz rayon paylayıcı elektrik şəbəkəsinin əməkdaşları əraziyə ezam edilib, hazırda baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparır.