Bakıda hipermarketdə bank əməkdaşlarına qarşı törədilmiş cinayət hadisəsi əvvəlcədən hazırlanıb və bir neçə şəxs tərəfindən planlaşdırılıb. Bu cinayət əvvəlcədən yaxşı təşkil olunub. Plana görə, o ünvana gedilməliydi, hadisə törədilməliydi və külli miqdarda vəsait talanmalıydı.
Xezerxeber.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev "Xəbər Ertəsi"nə açıqlamasında deyib.
O əlavə edib ki, həmin cinayətkarlar müasir texnologiyaların imkanlarını da nəzərə almışdılar- yəni bilirdilər ki, burada kameralar və digər texnologiyalar var: "Amma onların nəzərə almadığı bir sıra məıqamlar var idi. Bu da polisin imkanları və peşakarlığı idi".
Xüsusi əməliyyatın detallarına toxunan E.Hacıyev bildirib ki, hücum edən şəxslərin əldə etdikəri vəsaiti hansı şəkildə realizə etmələri, bir, yaxud bir neçə avtomobildən istifadə olunması və avtomobillərin dövlət nömrə nişanlarının dəyişdirilməsi ehtimalları-bütün bunlar əməliyyat aparatında nəzərdən keçirildi: "Bir az vaxtdan sonra onlardan birinin paytaxtın mərkəzi küçələrindən birinə daxil olması barədə məlumat gəldi və polis xüsusi əməliyyata başladı. Qeyd edəm ki, həmin ərazidə hansı təhlükələrin ola biləcəyi ehtimalı da nəzərə alındı. Çünki onların üzərində odlu silah var idi. Qonşular əvvəlcədən məlumatlandırıldı. Əgər həmin şəxs yaralansaydı əllərindəki silahı dinc əhaliyə tuşlayacaqdı. Bu təhlükə olduğu üçün həmin şəxs məhv edildi".
Xatırladaq ki, martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. Həmin gün axşam saatlarında polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.
Xezerxeber.az E.Hacıyevin daha geniş açıqlamasını təqdim edir: