Azərbaycan su ehtiyatı azlığından və torpaq sahələrinin məhsuldarlığından əziyyət çəkən ölkələr sırasındadır. Bu məsələ Dünya Bankının hesabatında əksini tapıb.
Xezerxeber.az-ın məlumatına görə, Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyir ki, Qafqaz ölkələri arasında su qıtlığı ən çox Azərbaycanda yaşanır. Bunun əsas səbəbləri isə şirin su hövzələrinin çirkləndirilməsi, şəhərlərin böyüməsi, kənd təsərrüfatında suya olan tələbatın sürətlə artmasıdır.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev isə bildirir ki, gələcəkdə su ehtiyatlarının tükənməsi istisna edilmir. Çünki Azərbaycanın ümumi su resurları 15-20 faiz azalıb. Kür çayı ilə birlikdə su ehtiyatı 30 milyard kubmetrdən 25 milyarda düşüb. Bunun da 8 milyard kubmetri daxili çaylar hesabına təmin olunur. Ona görə də xüsusilə suvarmada müasir texlonogiyanın genişləndirilməsinə ehtiyac var.
Xidmət rəsmisi həmçinin deyir ki, Xəzər dənizinin səviyyəsinin enməsi də ekoloji problemləri artıracaq. Onun sözlərinə görə, hazırda dənizdə suyun səviyyəsi 2 metr aşağı düşüb. Hətta bəzi xarici mütəxəssislər iqlim normasından asılı olaraq Xəzərin suyunun 10-18 metr aşağı düşəcəyini proqnozlaşdırırlar.
Qar ehtiyatlarına gəlincə, Rafiq Verdiyev bu resursların da yaxın zamanlarda qiymətləndiriləcəyini və son vəziyyətlə bağlı ictimaiyyətə məlumat veriləcəyini qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: