Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu bu gün dəfn olunub.
Xezerxeber.az xəbər verir ki, mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Rüfət Həşimov həm də Vətən müharibəsinin iştirakçılarından olub. O, müharibənin ilk günlərində könüllü olaraq Füzuli istiqamətində gedən döyüşlərə qoşulub. Son günə qədər canı-qanı bahasına savaşıb və sonda müharibədən alnı açıq, üzü ağ qayıdıb. Yaxınlarına ən çox toxunan da elə budur: düşmənlə üzbəüz döyüşdən sağ qayıtdı, amma burada namərd gülləsinə tuş gəldi.
Uşaq yaşında atasını itirən Rüfətin anası və bacısından başqa kimsəsi yox idi. Yeganə oğlunu itirən anası isə baş verən hadisə qarşısında donub qalmışdı. Onun dili sussa da, gözləri hər şeyi deyirdi.
Bacısı isə Rüfət haqqında bir neçə kəlmə danışıb.
Söhbət əsnasında onu da öyrəndik ki, Rüfət bir ay öncə evlənibmiş və yaxın zamanlarda Almaniyaya yoldaşının yanına getməyi planlaşdırırmış. Amma qismət olmadı. Bu parlaq gəncin planları, arzuları ürəyində qaldı...
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: