Abşeron rayonunun Novxanı qəsəbəsində 17-18-ci əsrlərə aid tarixi memarlıq abidəsi dağılmaq təhlükəsi ilə üz-üzədir.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Şah Sultan Hüseyn məscidindən gedir.
SSRİ rəhbərlərindən olan İosif Stalinin də vaxtilə məhz bu məsciddə gizlənərək xilas olduğu bildirilir.
Məscid Səfəvi hökmdarlarından olan Şah Sultan Hüseynin göstərişi ilə 17-ci əsrin sonları-18-ci əsrin əvvəllərində inşa edilib.
Birmərtəbəli və kürsülü tikilən məscid 4 otaqdan ibarət olub. Tikilini geniş həyət əhatə edib. Əvvəllər bura Novxanı camaatının yeganə ibadət evi olub.
Şah Sultan Hüseyn məscidi ilə bağlı daha bir fakt isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Stalini iki dəfə ölümdən xilas edərək, məhz burada gizlətməsidir. Bir vaxtlar SSRİ rəhbərlərindən birini ölümdən qurtaran bu memarlıq abidəsinin özünü isə hələ ki, xilas edən tapılmır.
Zaman-zaman kənd sakinləri öz hesablarına məscidi təmir etmək istəsələr də, buna icazə verilməyib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətindən bildirildi ki, sözügedən məscid yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb: "Uzun illərdən bəri məsciddə bərpa-təmir işləri aparılmadığından hazırda məscid qəzalı vəziyyətə düşüb. Tarixi məscidin bərpa olunması üçün dövlət büdcəsi hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib".
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: