Xəzər Xəbər

Qarabağda yaşayan ermənilərlə görüş keçirilib VİDEO

Azərbaycanın diplomatik səyləri uğurla nəticələnir
Veb TV | 19:58 • 1 Mart 2023
Qarabağda yaşayan ermənilərlə görüş keçirilib

Bu gün Qarabağda yaşayan ermənilərlə görüş keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, görüş Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında baş tutub.

Görüşdə Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və ''AzerGold'' Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak edib. Onlar Qarabağda yaşayan erməni sakinlərin təmsilçiləri ilə müzakirə aparıblar.

Azərbaycanın Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycanın reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

Qeyd edək ki, burda söhbət heç bir halda seperatçılarla danışıqlardan getmir. Bunu Ermənistanın siyasi və hərbi rəhbərliyi bilməlidir ki, Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və bu bölgədə yaşayan erməni sakinlərin Azərbaycan bayrağı altında və Azərbaycan qanunları ilə yaşamaqdan başqa seçimi yoxdur.

Bunu qəbul etməyənlər ərazidən köçüb gedə bilər, Azərbaycan tərəfi buna etiraz etmir. Hətta Prezident İlham Əliyev də bu məqama müsahibələrində bir neçə dəfə toxunub. Təbii ki, Azərbaycan dövləti ərazisındəki erməni əsilli Azərbaycan vətəndaşları ilə təmas qurmalıdır və bu prosesə artıq başlanıldı.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bu cür görüşlərin keçiriləcəyini qeyd etmişdi. Ruben Vardanyanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə təmaslara başlanılacağı bəyan edilmişdi və bu gün keçirilmiş görüşün məqsədi də məhz bu təmasın qurulması deməkdir.

Bu bir daha onu da göstərdi ki, Azərbaycan kənardan edilən heç bir müdaxilələrə məhəl qoymayaraq öz məqsədləri istiqamətində inamla addımlayır. Bu günə qədər xarici media və QHT-lər də cəlb olunmaqla, son dövrlər Azərbaycana qarşı təşkil olunmuş kampaniya heç bir nəticə vermədi və əksinə, iflasa uğradı.  Bəziləri hazırkı təmasın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri ilə əlaqələndirirlər. Lakin bunun hazırda keçirilən görüşlə heç bir əlaqəsi yoxdur. Bu görüşün keçirilməsini Azərbaycanın növbəti diplomatik uğuru kimi qəbul etmək olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar