Birinci vitse-prezident Mehriban Əliyeva YUNESKO-nun səfiri olmaqdan imtina edib. Birinci xanım BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə YUNESKO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirib ki, YUNESKO son illər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Vətən müharibəsindən sonra isə ölkəmizə qarşı ikili standartlar özünü açıq aşkar göstərir. Beynəlxalq təşkilata işğaldan azad olunmuş ərazilərdə törədilən dağıntılarla bağlı dəfələrlə müraciət edilsə də, qarşı tərəf bunu görməzdən gəlir. Ekspert qeyd edib ki, baş verən proseslərdən sonra Mehriban Əliyeva səfir olmaqdan imtina etməklə YUNESCO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili yanaşmaya diplomatik dildə etiraz edib.
Ekspert deyib ki, Azərbaycan uzun illər təşkilatla sıx əməkdaşlıq edib və bir sıra mühüm layihələr həyata keçirilib. Mehriban Əliyevanın xoşməramlı səfir kimi 18 illik fəaliyyəti dövründə bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyinə rəğmən, YUNESKO tərəfindən Azərbaycanın çağırışlarına qarşılıq verilməyib.
Mətin Məmmədlinin sözlərinə görə, YUNESKO özünü siyasi təşkilat kimi aparır. Baş ofisi Fransada yerləşən qurum fəaliyyət prinsiplərinə zidd olsa da, ölkəsinin maraqlarına xidmət edir. İşğal dövründə ağzına su alıb oturan YUNESKO Azərbaycan öz ərazilərini azad etikdən sonra narahat olmağa başladı. Beynəlxalq təşkilat Azərbaycanın guya bəzi abidələri dağıtması barədə Ermənistanın iddialarını əsas gətirərək missiyanın göndərilməsi ilə bağlı səy göstərdi. Ekspert deyib ki, bütün bunlar təşkilatın erməni lobbisinin təsirinə düşən Fransa dövləti tərəfindən idarə olunduğunu göstərir.
Azərbaycanın YUNESKO-nun işinə uzun illər verdiyi töhfənin məhz təşkilatın imicinin qaldırılmasına əsaslandığını, ölkəmizin təşkilatın işində fəal rolunu nəzərə alsaq, Birinci vitse-prezidentin xoşməramlı səfir vəzifəsindən imtinasından sonra Azərbaycanla münasibətlərdə məhz itirən tərəfin YUNESKO olacağı şübhəsizdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: