İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.
Xezerxeber.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlərlə müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Zahir Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı zaman maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. Onların tapşırığı ilə xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb və qarşı tərəfə təqdim etməklə dövlətə xəyanət edib.
Başqa bir araşdırma ilə müəyyən edilib ki, Elnur Rəsulov 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü "Meyse" və "Doktor" adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa cəlb edilib. O daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Arif Rəsulovla birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək paytaxtın Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin foto və videoçəkilişlərini vatsap vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.
Daha bir Azərbaycan vətəndaşı Bəxtiyar Ağazadə də dini təhsil almaq üçün İranda olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə pul qarşılığında məxfi əməkdaşlığa başlayıb, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər barədə məlumatlar toplayaraq qarşı tərəfə ötürməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb.
Bundan əlavə müəyyən edilib ki, Mirhafiz Cəfərzadə İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən Orxan Məmmədovun Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi ərazilər barədə məlumatları sonuncuya göndərib.
Adıçəkilən şəxslər cinayət məcəlləsinin dövlət xəyanət maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs ediliblər. Araşdırmalar zamanı barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi "Müzakirələr", "Elanlar" və digər adlar altında vatsap yaradılan qapalı qruplar ifşa edilib. Hazırda DTX-də kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: