Bakıda azyaşlı uşağın sükan arxasına keçməsi müzakirələrə səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər "Instagram" sosial şəbəkəsində yayılıb.
Yan oturacaqda valideyninin nəzarəti altında təxminən 6-7 yaşlı uşaq Zığ şosesi boyunca avtomobili idarə edib. Çəkiliş boyunca uşağa "bir az yavaş sür" deyildiyi eşidilir.
Videogörüntülər sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığına səbəb olub. Bir qrup insan buna müsbət reaksiya verərək, əhsən deyib. Digər bir qrup isə bunun həm uşaq, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli olduğunu yazaraq irad bildirib.
Görüntülərə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də reaksiya verib. İdarənin baş inspektoru Araz Əsgərli bildirib ki, bu hal kobud qayda pozuntusudur.
Araz Əsgərli onu da əlavə edib ki, artıq həmin yoldakı xüsusi texniki vasitələrin köməyi ilə sürücünün kimliyi araşdırılır. Müəyyən edildikdən sonra o idarəyə dəvət ediləcək və qanuna uyğun şəkildə cərimə olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: