Sabunçu rayonunda 25 ailənin yaşadığı binadakı mənzillərdən birinin tavanı uçub, xəsarət alanlar var. Hazırda evlərindən ayrı düşən sakinlər harada qalacaqlarını bilmirlər. Sakinlər iddia edirlər ki, həmin ərazidə belə hallar dəfələrlə baş verir.
Xezerxeber.az bildirir ki, ərazi FHN tərəfindən lentə alınıb.
Hadisə gecə saat 11 radələrində baş verib. Ev sakinləri yüngül xəsarət alsalar da, psixoloji sarsıntıları böyükdür. Sabunçu rayonu, Kənd Ramanadakı Əmrulla Əliyev küçəsində yerləşən evin sakini deyir ki, hər şey bir göz qırpımında baş verib.
Burada təxminən 25 ailə yaşayır. Sakinlər iddia edirlər ki, bura əvvəllər poliklinika ərazisi olub. Sonradan məcburi köçkünlər məskunlaşıb. Hazırda yaşayan sakinlər də bu mənzilləri məcburi köçkünlərdən alıblar.10 ildən çoxdur burada yaşan sakinlər iddia edirlər ki, ərazidə dəfələrlə belə hadisələr olub.
Mənzillərin qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlara müraciət edilib, amma nəticəsi olmayıb.
Qonşuluqda yaşayan sakinlər də iddia etdilər ki, FHN-dən onlara mənzildə qalmamaq tapşırılıb.
FHN-dən isə bildirildi ki, hadisə ilə bağlı rəy verilib və Balans saxlayıcı quruma təqdim olunub. Tədbir görmək isə onların səlahiyyətindədir.
Sabunçu rayon İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, ərazi SOCAR-ın balansındadır. Bununla bağlı İcra Hakimiyyəti tərəfindən SOCAR məlumatlandırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: