Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün qarşı tərəfə növbəti təklifini irəli sürüb. Söhbət daha əvvəl təqdim olunmuş 5 baza prinsipinin daha genişləndirilmiş variantından gedir. Amma hələ ki Ermənistan bu təklifə cavab verməyib.
Azərbaycanın ilkin təqdim etdiyi 5 baza prinsipi əsasında daha genişlənmiş elementlər Ermənistan tərəfinə təqdim olunub. Xarici İşlər Naziri Ceyhun Bayramov Qırğızıstanda jurnalistlərə müsahibəsində belə deyib. Baş diplomatın sözlərinə görə, Ermənistan bununla bağlı vaxt istəyib və hələ ki, qarşı tərəfdən reaksiya yoxdur.
Xarici İşlər Naziri həmçinin əlavə edib ki, Azərbaycan bütün resurslardan istifadə edərək mina xəritələrini almağa çalışır və birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin aqibəti ilə bağlı məsələlər bütün platformalarda qaldırılır.
Qeyd edək ki, delimitasiya ilə bağlı oktyabr ayının 14-də Ermənistan tərəfi ilə növbəti görüş keçiriləcək.