30 sentyabr - vətən müharibəsinin 4-cü günü. Cəbhənin Füzuli istiqamətində düşmənin ən çətin sədlərindən biri mühəndis istehkam bölmələrimiz tərəfindən yarılır. Qızğın hərbi əməlliyyatlar gedir, təbii ki, yaralılarımız da var idi. Və onlar diqqətdən kənarda qalmırdılar.
Vətən müharibəsinin 4-cü günü artıq düşmənin ümumilikdə 2300-dən artıq canlı qüvvəsi məhv edilmişdi.
Füzuli cəbhəsində isə bu istiqamətin ən çətin sədlərindən biri olan və "40 metr" kimi tanınan ərazinin açılması üçün mühəndis istehkam bölmələri əməliyyatlara başlayır.
Keçid açmaq üçün tətbiq edilən ən yeni silahlar isə Ermənistan hərbçilərini çaşbaş salır.
Suqovuşanda düşmənin atəş mövqeləri ilə yanaşı, hərbi hissəsinə də aviazərbələr endirilir.
Sentyabrın 30-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın hərbi təxribatlar zamanı yaralanan və Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşürlər. Dövlət başçısı vətən uğrunda döyüşən qəhrəmanlarımıza təşəkkür edir.
Düşmən isə döyüş meydanındakı uğursuzluqlarının qisasını mülki insanlardan almağa çalışır. Müharibənin 4-cü günündə düşmənin top atəşi nəticəsində Horadiz şəhərində bir mülki şəxs həlak olur, üç nəfər isə xəsarət alır.