Türk kinematoqrafiyasının ustad sənətkarlarından olan Sərdar Gökhan məşhur aktyor Burak Özçiviti sərt tənqid edib.
S.Gökhan qatıldığı "İkinci səhifə" proqramında bu il Özbəkistanda keçirilən 14-cü Beynəlxalq Daşkənd Film Festivalından bəhs edib.
O bildirib ki, festivalda türk film gecəsi keçirilib və özü ilə birgə 13 türkiyəli aktyor gecədə iştirak edib. Bu zaman Burak Özçivit çox böyük kobudluğa yol verib:
"Biz 12 aktyor gecədə iştirak etmək üçün səhnəyə çıxdıq. Bu zaman qışqırtı eşitdik. "Mən onlarla səhnəyə çıxmıram" deyirdi. Burak Özçivit idi. Ondan başqa kim olacaqdı ki? Arxada qalan bircə o idi. Mənim ona paxıllıq etdiyimi deyirlər. Onun nəyinə paxıllıq edəcəyəm? Qulağımın tükü qədər dəyəri yoxdur. Qaş çatmaqla aktyor olunmur. Əvvəlcə aktyorluğu öyrənsin!"
Qeyd edək ki, Sərdar Gökhan türk tarixinə dair filmlər də daxil olmaqla bir çox maraqlı ekran işlərində baş rolda oynayıb.
Azərbaycan tamaşaçısına "Diriliş Ertuğrul" serialındakı Süleyman şah obrazı ilə də tanışdır./sfera.az