Dəbdəbəli evlər, dəyərindən aşağı kirayə qiymətlər.
Özlərini reiltor kimi təqdim edən bəzi şəxslər tam təmirli və əşyaları olan mənzillərin fotolarını əmlak elanı saytlarında ucuz qiymətə yerləşdirirlər. Maraqlanan şəxslərə isə “beh göndər, evi sizə saxlayım, elanı silim” kimi cavablar verirlər. Mənzili əldən çıxarmaq istəməyən vətəndaşlar da onlayn şəkildə ödəniş edirlər. Ancaq sonradan məlum olur ki, dələduzluqla üzləşiblər və həmin reiltorla heç cür əlaqə saxlaya bilmirlər.
Vətəndaşlar bildirirlər ki, bu üsulla kirayə ev axtaran yüzlərlə şəxsdən eyni mənzil üçün beh alınır. Daha sonra göndərdikləri saxta şəxsiyyət vəsiqəsi və kart nömrəsini mesaj bölməsindən silir, müştərini isə sosial şəbəkədə bloklayırlar.
Əmlak eksperti Ramil Osmanlı deyir ki, müştərilər bu cür dələduzluğa qarşı ehtiyatlı davranmalı və üzbəüz görüşmədən heç bir ödəniş etməməlidirlər.
Ramil Osmanlı hesab edir ki, ölkədə bu sahənin tənzimlənməsi üçün hüquqi bazanın yaradılmasına ehtiyac var.
Əmlak ekspertinin sözlərinə görə, reiltor fəaliyyətinin tənzimlənməsinə dair qanun qəbul olunarsa, belə dələduzluqların qarşısı alına bilər.