Astara və Ağdaşda polis əməkdaşları əməliyyat keçirib, tutulanlar var.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Emil Zərbiyevi saxlayıblar.
Onun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 25 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Xezerxeber.az-ın məlumatına görə, əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı Emil Zərbiyevin üzərindən və yaşadığı evdən 6 kiloqrama yaxın heroin, 6 kiloqram 481 qram tiryək, 1 kiloqramdan artıq marixuana, 35 qram həşiş qətranı, 31 qram metamfetamin, əlavə olaraq ümumilikdə 68 ədəd narkotik və güclü təsir edən maddə tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ağdaşda isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiklərinə görə aralarında qadının da olduğu 11 nəfər saxlanıb. Əməliyyat tədbirləri zamanı 4 nəfər rayon sakini - Aqşin Şahbazov, Bəybala Məmmədov, Nasir Səmədov və Həmid Bilalzadə saxlanıb. Polisin məlumatına görə, onlardan 50 ədəd çətənə kolu, eləcə də Bilal Həmidzadədən əlavə olaraq qurudulmuş marixuana da götürülüb.
Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər - psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Şəhla Allahverdiyeva, eləcə də Səbuhi Vəliyev, Sərxan Abdurəhimov, Əmirxan Sadıqov, Ruslan Rəsulov, Xəyal Əliyev və Vüqar Məmmədov saxlanıblar. Onlardan heroin, marixauana və metamfetamin aşkarlandığı bildirilir. Faktlarla bağlı cinayət işləri başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: