Azərbaycan Ordusunun Laçına yerləşməsindən sonra ilk dəfə bu rayonun mərkəzi küçələri və inzibati binaları görüntülənib.
Xezerxeber.az-ın məlumatına görə, məlum olub ki, şəhərdə səki boyu kilometrlərlə məsafəni ot, kol basıb.
Yaşayış və dövlət binaları isə xarabalıqlara çevrilib.
Baxımsızlıq bunu deməyə əsas verir ki, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Laçın şəhərində də normal yaşayış olamayıb. Daha doğrusu olub, amma insan kimi yaşamayıblar. Təqdim etdiyimiz bu kadrlar işğaldan əvvəl çəkilib. Laçın Azərbaycanın qərbində ən ucqar rayon olsa belə, baxımlı yolları, yaxşı şəraitə malik evləri, dövlət binaları və füsünkar təbiəti olub.
Kadrları isə yol hərəkəti üzrə ekspert, əslən Laçından olan Ərşad Hüseynov çəkib. Özü də 2 gün əvvəl. Ekspert Azərbaycan Ordusunun Laçın rayonu, Zabux və Sus kəndlərinə yerləşməsindən sonra həmin əraziyə səfər edib və əyani olaraq şahidi olduğu mənzərəni lentə alıb.
Müşahidələrini ''Xəzər Xəbər''ə danışan Ərşad Hüseynov gördüklərindən dəhşətə gəldiyini deyib.
Ərşad Hüseynov bildirib ki, bəzi dövlət qurumlarının əməkdşları artıq orada bəzi tikililərə yerləşərək fəaliyyətə başlayıblar. ''Azərişıq'' ASC-nin əməkşları Laçın şəhərinin elektrik təchizatını bərpa etmək istiqamətində işləri sürətlə aparır. Laçının şimal və cənub hissəsində yol infrastrukturunun yenidən qurulması da davam etdirilir.
Ekspert deyib ki, Xudafərin qəsəbəsindən Laçına yol çəkilir. Onun sözlərinə görə, həmin yol Kəlbəcərə qədər uzanacaq və burada işlər də sürətlə aparılır.
Ərşad Hüseynov sülhməramlıların nəzarəti ilə Laçından Şuşa şəhərinə köhnə yolla gedib və yol boyu həmin anların kadrlarını da çəkib.
Ekspert deyib ki, işğaldan əvvəl Laçında qaz, su və işıq sistemi yüksək səviyyədə olub. Hazırda kommunal xidmətlərin qurulması istiqamətində işlər aparılır ki, tez bir zamanda əhalinin bu ərazilərdə məskunlaşması mümkün olsun.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: