Son günlər Qarabağ kanalında su xeyli artıb. Bərdə rayonunun əkin sahələrində yaranan su çatışmazlığını aradan qaldırmaq üçün kanala suyun verilməsi çoxaldılıb. Bu səbəbdən də təsərrüfat sahələri bol su ilə təmin edilir. Nətıcədə isə təsərrüfat sahiblərinın işi xeyli asanlaşıb.
Bərdə Suvarma Sistemləri idarəsindən bildirilib ki, ki, rayonda Qarabağ kanalı vasitəsilə 49 min 296 hektar, Kür çayı vasitəsilə 1600 hektar, Tərtər çayı vasitəsilə 3400 hektar, Artezian quyuları vasitəsilə 17 min 375 hektar əkin sahələri suvarılır. Hazırda Bərdədə 63 min 406 hektar əkin suvarma sahəsi var. Bu il rayonda 10 min 931 hektar pambıq əkilib. 5 min hektar isə təkrar əkin həyata keçirilib. İki dəfə pambıq sahələri bol su ilə təmin edilib. Hazırda üçüncü suvarma həyata keçirilir.
Bərdə Suvarma Sistemləri idarəsi tərəfindən rayonda 500-dən çox supartezian quyusunun nasosu təmir edilib, su kanalları təmizlənib, hidrotexniki qurğularda təmir işləri aparılıb.
Qeyd edək ki, Bərdə rayonunda 867 ədəd subartezian quyusu mövcuddur. Dövlət başçısının sərəncamına əsasən bu il daha 29 yeni su quyusunun qazılması nəzərdə tutulub. 11 mövcud quyuda isə bərpa işləri aparılacaq. Bu quyular daha çox ehtiyacı olan əkin sahələrindəki ərazilərdə qazılacaq.