Dinc əhaliyə qarşı qətliam törətmək Ermənistan dövlətinin xislətində olub. Onların hər zaman məqsədi silahsız, körpə, yaşlı demədən ən ağır formada əzab verməklə azərbaycanlı dinc əhalini qətlə yetirmək olub.
Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilmiş və tarixə qanlı və amansız cinayət kimi düşən ballıqaya qətliamının növbəti ildönümüdür. Həmin gün tarixə Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupu tərəfindən törədilmiş növbəti qətliam günü kimi düşdü. "Ballıqaya qətliamı" adı ilə yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.
Həmin ilin yay aylarında Laçın işğal olunduqdan sonra öz evlərindən didərgin düşmüş yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Lakin məskunlaşdıqdan 3 gün sonra - avqustun 28-də Ermənistan Silahlı Qüvvələrinin yaratdığı 10-12 nəfərdən ibarət diversiya qrupu səhər saat 5 radələrində əraziyə daxil olub iri çaplı silahlardan və qumbaraatanlardan çadırları atəşə tutub. Nəticədə 24 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 9 nəfər yaralanıb.
Faciə ilə bağlı Respublika Hərbi Prokurorluğunda elə o vaxt istintaq qrupu yaradılıb və cinayət işi başlanaraq araşdırmalar aparılıb. Hərbi Prokurorun böyük köməkçisi Firad Əliyev deyir ki, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla divan tutan diversiya qrupunun üzvləri Ballıqayaya hücum zamanı heç kimin sağ qalmadığını zənn etsələr də, hücum nəticəsində yaralanan bir neçə nəfər sağ qalıb. Ballıqaya faciəsi ilə bağlı istintaq əməliyyat axtarış fəaliyyəti isə hələ də davam edir.
Törədilmiş faciə ilə əlaqədar cinayət məcəlləsinin "soyqırımı", "əhalini deportasiya etmə və ya məcburi köçürmə", "işgəncə", "müharibə qanunları və adətlərini pozma", "silahlı münaqişə zamanı beynəlxalq humanitar huquq normalarını pozma", "qəsdən adam öldürmə", "Terrorçuluq" maddələri ilə cinayət işi başlanıb.
Cinayət işinin materialları və faktlar Hərbi Prokurorluğun Memorial Soyqırımı Muzeyində qorunub saxlanır. Muzeydə hadisəni özündə əks etdirən fotostend də yer alıb. Azərbaycan Ordusu 44 günlük vətən müharibəsi nəticəsində işğal altında torpaqlarımızı azad etməklə və düşmənə sarsıdıcı zərbələr vurmaqla Ballıqaya faciəsnin də qisasını alıb.