Azərbaycanda fəaliyyət göstərən səfirlər, qeyri-rezident səfirlər və hərbi attaşelər Qarabağa səfər ediblər.
Xezerxeber.az-ın məlumatına görə, onlar əvvəlcə Bakıdan təyyarə reysi ilə Füzuli beynəlxalq hava limanına gəliblər.
Hava limanı ilə tanışlıqdan sonra nümayəndə heyəti ailə fotosu çəkdirib.
Daha sonra qonaqlar Füzuli şəhərinin mərkəzinə gedərək buradakı yenidənqurma işləri ilə tanış olublar.
Diplomatik korpus nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa yolunda inşa edilən nəhəng tunellərdə görülən işlərlə də tanış olublar.
Daha sonra Şuşa şəhərinə gələn diplomatlar işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlama, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər.
Konfransda çıxış edən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, Daşaltı kəndində yenidənqurma və bərpa işləri ilə bağlı baş planın hazırlanması son mərhələdədir. Plan hazır olduqdan sonra kənddə yenidənqurma işlərinə başlanacaq. Xüsusi nümayəndə Şuşada dağıdılmış evlərin bərpası prosesinə də başlandığını bildirib.
Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev isə bildirib ki, Zəngilan dağıntılara ən çox məruz qalmış rayonlardan biridir. Rayonun yenidən qurulması və bərpası işlərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqdadır. Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın artıq başladığını diqqətə çatdırıb. Qeyd edib ki, Zəngilanda "Ağıllı kənd" layihəsi həyata keçirilib. O, bu layihənin reallaşdırıldığı Ağalı kəndində indiyədək 200 evin inşasının tamamlandığını və 150 evin tikintisinin planlaşdırıldığını deyib.
Qonaqlar Şuşanı gəzərək maddi mədəni irs nümunələri ilə də tanış olublar. Onlar Qazançı kilsəsində aparılan təmir-bərpa işlərini yerində izləyiblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: