Ürəyi Laçınla döyünürdü... Laçın həsrəti ilə dünyasını dəyişdi.
Əməkdar artist Məhəbbət Kazımovun ən böyük arzularından biri də musiqisi özünə məxsus olan məşhur "Laçınım" mahnısını Laçında ifa etmək idi. Özü həyatda olmasa da, artıq ifa etdiyi mahnı Laçın dağlarında eşidilir...
Əməkdar artistin oğlu Rəşid Kazımov atasının ötən gün Laçın şəhərindən yayılan görüntülərlə bağlı təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüb.
Xezerxeber.az-ın məlumatına görə, Rəşid Kazımov deyir ki, görüntüləri izləyərkən ailəliklə göz yaşlarına hakim ola bilməyiblər.
Rəşid Kazımovun sözlərinə görə, atası Laçına gedəcəyi günü səbirsizliklə gözləyirdi.
Həkim səhhətində yaşanan problemlərlə bağlı "Laçınım" mahnısını ifa etməyi ona qadağan etsə də, sənətçi buna məhəl qoymayıb. Məhəbbət Kazımov sağlığında hətta şənliklərdə "Laçınım" mahnısının sədaları altında rəqs etməyi də qadağan edib. Əməkdar artistin oğlu deyir ki, artıq atasının ruhu şaddır. Çünki Azərbaycan Ordusu onun ən böyük arzularından birini reallığa çevirib.
Qeyd edək ki, 1953-cü ildə Laçın rayonunun Çorman kəndində anadan olan Məhəbbət Kazımov 2014-cü ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: