"Fransa və ABŞ-ın diplomatik nümayəndələri Şuşaya təşkil edilən səfərdə iştirak etmədilər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər".
Xezerxeber.az xəbər verir ki, bu sözləri Şuşada jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
O bildirib ki, Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə də kömək etmədilər və Azərbaycanın 30 ilini itirdilər.
Hikmət Hacıyev BMT və onun alt təsisatlarının ali rəhbərlərinin işğaldan azad olunmuş ərazilərdə törədilmiş dağıntılara lazımi diqqət ayırmadıqlarını da bildirib. Qeyd edib ki, Azərbaycan dünyada ən nadir və ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib. Amma ali qurum hələ də bu istiqamətdə genişmiqyaslı fəaliyyətə başlamayıb.
Prezidentin köməkçisi bu ayın sonunda Brüsseldə Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşdən də danışıb. Bildirib ki, görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun yaradılması olacaq.
Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan tərəfi dəfələrlə sülh sazişinin imzalanması ilə bağlı danışıqlara hazır olduğunu desə də, qarşı tərəf bunu uzadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: