Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən, ancaq diplomatik missiyaları Azərbaycanı da əhatə edən qeyri-rezident səfirlər və hərbi attaşelər Azal hava yollarına məxsus təyyarə ilə Füzuli Beynəlxalq Hava limanına eniş ediblər. Hava limanında onları prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və dövlət başcısının Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıblar. Diplomatik korpusun nümayəndələri öncə hava limanında şəkil çəkdiriblər.
Daha sonra prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan torpaqlarının 30 ildən sonra azad olunduğunu və hazırda qonaqların da içərisində olduğu hava limanının cəmi 8 ay ərzində ərsəyə gəldiyini xatırladıb. Sonra Füzuli şəhərinin gələcək inkişaf planından danışan Emin Hüseynov yenidənqurmadan sonra bu şəhərdə minlərlə insanın qaynar həyata geri dönəcəyini vurğulayıb.
Səfər çərçivəsində qonaqlara Füzulinin Dövlətyarlı kəndində minatəmizləmə işləri barədə məlumat verildi. Bundan əlavə Vətən müharibəsindən sonra aşkar olunaraq zərərsizləşdirilən minaların növü və həcmindən də danışılıb. Qonaqlar minalar və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi prosesini də izləyiblər.
Füzuli şəhərində görülən işlərdən danışan Emin Hüseynov qeyd edib ki, Füzuliyə köç tam olaraq 2040-ci ildə tamamlanacaq. Daha sonra Əhmədbəyli-Füzuli-Şuşa yolunda tunellə tanış olan qonaqlara yeni yol infrastrukturunun gostəriciləri barədə geniş məlumat verilib.
Onu da qeyd edək ki, qeyri-rezident səfir və hərbi ataşşelər sabah Şuşada keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər.