19 il öncə hər kəs onu Azərbaycanın birinci xanımı kimi tanıdı. Ancaq ötən illər ərzində Azərbaycan cəmiyyətinə, insanına xidmətləri ilə könüllərin də birinci xanımına çevrildi.
Bu gün Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Xeyirxah əməlləri ilə Azərbaycan xalqının qəlbində taxt quran Mehriban Əliyeva hər zaman xalqın ən həssas qruplarının yanında olub. Onun sayəsində minlərlə insan həyata tutunub, milyonlara işıq olub.
Birinci xanım kimi həmişə bütün həssas qruplardan olan insanların problemlərini söyləmək, dərdlərini bölüşmək və onların həllinə nail olmaq üçün pənah apardığı ünvana çevrildi. Onunla söhbət edənlərin müraciətlərini isə birinci xanım kimi yox, onların dostu, sirdaşı ən əsası isə müdrik Azərbaycan xanımı kimi dinlədi.
Azərbaycanın şad günündə də, ağır günlərində də heç zaman özünü vətəndaşlardan ayırmadı, xalqın içindən biri olmağı seçdi.
2004-cü ildə Heydər Əliyev Fondunu təsis edən Mehriban Əliyeva tarixi xeyriyyəçilik irsinin müasir Azərbaycanda yeni və möhkəm təməllər üzərində özülünü qoydu.
Heydər Əliyev Fondunun formalaşdırdığı yeni xeyriyyəçilik ənənələri daun, autizm, talassemiya və digər xəstəliklərdən əziyyət çəkənlərin nicat yerinə çevrildi. Fondun dəstəyi ilə təsis edilən mərkəzlərdə müalicə alan uşaqlarla da hər zaman özü birbaşa təmasda oldu. Ona müraciət edənlərin çoxluğuna və gərgin iş qrafikinə baxmayaraq dəfələrlə uşaqlarla görüşdü və ad günlərinin bir çoxunu onlarla birgə keçirməyi digər işlərindən üstün tutdu.
Daun sindromlu və autizmli uşaqlara xüsusi diqqət ayıran birinci xanım onlarla görüşəndə bu uşaqlara dəyərli olduqlarını hər kəsdən yaxşı hiss etdirməyi də bacardı. Autizmli uşaqlar üçün öz əlləri ilə hazırladığı bu şirniyyatlar birinci xanımın uşaqlara etdiyi maraqlı jestlərdən sadəcə biridir.
2019-cu il aprelin 4-də İçərişəhəri gəzən Mehriban Əliyeva oturduğu yerdən tərpənə bilməyən yaşlı bir qadınla söhbət edir. Qadını daha yaxşı eşitmək üçün küçənin ortasında diz çöküb onu dinləyən birinci xanım bu cür davranışları ilə çoxlarının qəlbində taxt qurmağı bacarıb. Bu təkcə birinci xanımın təvazökarlığının deyil, eyni zamanda onun böyüdüyü ailədə qazandığı yüksək humanizm dəyərlərinin göstəricisidir.
Mehriban Əliyeva Vətən Müharibəsinə qədər qaçqın və məcburi köçkün adı ilə yaşamağa məcbur olan insanlarla da hər zaman birlikdə oldu. Dəfələrlə məcburi köçkünlərlə görüşən birinci xanım hər zaman onların problemləri ilə maraqlandı, köməyini əsirgəmədi.
Məhz nəcib əməlləri ilə insanların sevgisini qazanması nəticəsində Mehriban Əliyeva 2017-ci il fevralın 21-də vitse-prezident təyin olundu. Bundan sonra onun Azərbaycanın cəmiyyətinin inkişafındakı xidmətlərinin əhatə dairəsi daha da genişləndi.
Birinci xanım Azərbaycanın çətin günlərində hər zaman bu problemlərin arxasında deyil, önündə dayandı. 2016-cı ilin aprel döyüşlərindən sonra şəhid ailələri ilə görüşən Mehriban Əliyevanın burdakı çıxışı onun necə bir birinci xanım kimi ən səmimi portretidir.
2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilən aprel döyüşləri qaziləri ilə görüşündə isə birinci xanım Azərbaycanın cəsur, igid övladlarına öz sevgi və hörmətini belə ifadə etdi.
Azərbaycan övladlarına sonsuz məhəbbət bəsləyən birinci xanım Vətən Müharibəsinin 3-cü günü yaralanmış hərbçilərlə görüşdən sonra göz yaşlarına hakim ola bilmir.
Bütün sahələrdə olduğu kimi mədəniyyətin də hamisi olan birinci xanım Heydər Əliyev Fondu vasitəsilə Azərbaycanda müxtəlif mədəni sahələrin dirçəlməsində öz imzasını qoyur. Milli musiqimizin inkişafına dəstək olan Mehriban Əliyeva tanınmış sənətçilərlə də daim təmasda olaraq bu sahədə baş verənləri yaxından izləyir.
Azərbaycanın tarixi mədəniyyət nümunələrinə də böyük maraq göstərən birinci xanım dövlət başçısı ilə birlikdə İsmayıllının Basqal qəsəbəsində olarkən tarixi kəlağayılara naxışı özü vurur.Bununla da hər bir Azərbaycan xanımına mədəni irs nümunələrini sevdirir, tarixi dəyərləri yaşatmağı öyrədir.
Adətən görüşlərdə maraqlı jestləri ilə seçilən Mehriban Əliyeva V İslam Həmrəyliyi oyunlarında nəticə göstərən idmançılarla görüşdən sonra əlləri ilə ürək işarəsi göstərərək onlara öz sevgisini bildirir.