İran "İslam dövlətiyəm” deyir, İslam həmrəyliyini əlində bayraq tutur. Ancaq davranışları bunun tam əksini deyir. Bu ölkənin Azərbaycana qarşı tutduğu mövqenin, daha dəqiq desək, anti-Azərbaycan siyasətinin mərkəzində ölkəmizi daim təhdid və təzyiq altında saxlamaq məqsədi dayanır. Amma güclü Azərbaycan bu siyasəti anlayır və dostunu düşmənindən ayırmağı bacarır.
Qonşumuz və eyni dinin daşıyıcısı olduğumuz İslam dövləti - İran. Lakin biz bu dövlətdən səmimi qonşuluq münasibəti görmədik. Əksinə, bu dövlət hər zaman Azərbaycanın müstəqil və dinamik inkişafına qısqanclıqla yanaşdı. Bunun qarşısını almaq üçün Azərbaycan torpaqlarını 30 il müddətində işğal altında saxlayan Ermənistana hərtərəfli dəstək verməkdən belə çəkinmədi. Hətta 44 günlük Vətən müharibəsi kimi Azərbaycanın ölüm-qalım savaşında İran öz hərbi qüvvələrini hazırlıq vəziyyətinə gətirib Azərbaycanı təhdid etməyə çalışdı. Bu da yetmədi, Ermənistana silah-sursat ötürdü.
İran hər zaman Azərbaycana qarşı sözdə bir, əməldə isə tam başqa mövqe nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünü desə də, faktiki olaraq Ermənistanın yanında dayandı, onunla hərtərəfli əməkdaşlıq etdi. Azərbaycan isə səmimi qonşu kimi, ABŞ-ın ən sərt sanksiyaları dövründə belə, İranla əlaqələrinə heç bir məhdudiyyət tətbiq etmədi.
İrandakı anti-Azərbaycan xisləti yalnız Azərbaycana qarşı deyil, bötüvlükdə azərbaycanlılara qarşıdır. Bunun nəticəsidir ki, fars şovinizmi İranda yaşayan 30 milyon azərbaycanlını da öz fundamental hüquqlarından məhrum edib.
Bütün təhdid və qısqanclıqlara baxmayaraq, Azərbaycanın öz yolundan dönməyəcəyi aşkardır. Azərbaycan güclü bir dövlət kimi regionda yaratdığı yeni reallıqda milli mənafeyini təmin etməyə davam edəcək.