Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil edilib. "Dəniz mall" və "Dalğa beach"də, eyni zamanda regionlardakı istirahət və əyləncə mərkəzlərində keçirilən şənliklərdə uşaqlar maraqlı gün keçiriblər.
Uşaqlar və xüsusi qayğıya ehtiyacı olan şəxslər hər zaman Heydər Əliyev Fondunun diqqət və qayğı ilə əhatə olunublar.
Heydər Əliyev Fondu bu gün növbəti dəfə uşaqlar üçün əyləncə tədbirləri təşkil etdi. Bu tədbirlər uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqları əhatə edib. Bakının və regionların müxtəlif əyləncə məkanlarında keçirilən tədbirə uşaqlar Heydər Əliyev Fondunun onlar üçün ayırdığı xüsusi avtobuslarla gəldilər. Uşaqlara bəxş edilən sevinclə dolu gün ərzində DJ-lər, animatorlar, psixoloqların iştirakı ilə müxtəlif əyləncə və şou proqramlar təqdim edilib, maraqlı müsabiqələr, idman estafetləri və oyunlar keçirildi. Azyaşlılar və yeniyetmələr bacarıq və qabiliyyətlərini nümayiş etdirib, yay ovqatlı yaddaqalan bir gün yaşadılar.
Uşaqlar bu günün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər edərək paylaşdılar.
Heydər Əliyev Fondu, həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladlarını da unutmayıb. Onların asudə vaxtlarını səmərəli keçirmələri məqsədi ilə tədbir təşkil edib. Tədbirə qəhrəman şəhidlərimizin övladları anaları ilə birlikdə qatılıb.
Azyaşlılar və yeniyetmələr əyləncə məkanlarında yay mövsümünün ovqatını duydular, müxtəlif mahnılar və rəqslər ifa edərək öz məharətlərini göstərdilər. Sonda Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa hədiyyələr təqdim edildi.
Qeyd edək ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların, həmçinin şəhidlərimizin övladlarının diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatə ediməsi xüsusi yer tutur. Fond uşaqlar üçün mütəmadi olaraq tədbirlər keçirir, onların sosial müdafiələrinin gücləndirilməsi istiqamətində səylərini əsirgəmir.