''Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkün düşən Azərbaycan vətəndaşlarının demək olar ki, bütün fundamental insan hüquq və azadlıqları pozulub''.
Xezerxeber.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev Zəngilanın Ağalı kəndində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə erməni təcavüzü nəticəsində vətəndaşlarımızın pozulan hüquqlarının bərpası, ölkəmizə dəyən maddi-mənəvi zərərə görə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Konfrans çərçivəsində Baş prokuror Kamran Əliyev iğaldan azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işlərindən də danışıb.
Konfransda çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambroso qaçqın və məcburi köçkün məsələsinin müasir dünyanın ən ağrılı problemlərindən biri olduğunu, ölkəmizin bu sahədə ağır sınaqlardan keçdiyini bildirib.
Çıxışlardan sonra mövzu ətrafında qeyri-hökumət təşkilatları, media nümayəndələri, eləcə də Ağalı kənd sakinləri müzakirələr aparıblar. Sonda tədbir iştirakçıları Ağalı kəndi ilə tanış olublar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: