Bakıda yaşayış binasının qarşısında obyekt tikilib. Nəticədə binanın bloku və liftlər həmin obyektin içərisində qalıb. Bundan başqa, bloka giriş hörülərək bağlanıb, sakinlərin liftlərdən istifadəsi məhdudlaşdırılıb. Bütün bunların hamısı paytaxtın mərkəzində, Nizami küçəsi 4 ünvanında tikilən yaşayış binasında baş verib.
Xezerxeber.az-ın məlumatına görə, həmin 5 bloklu bina pilot layihə çərçivəsində ''Pilot Residence'' MTK tərəfindən tikilib.
Orada ev alan sakinlər deyirlər ki, onlara təqdim edilən layihədə həyətlərində belə bir obyektin tikiləcəyi qeyd edilməyib. Yəni burada layihədən kənara çıxılıb və həmin hissə iri supermarketlərdən birinə satılıb. Sakinlər mənzillərinə özləri üçün nəzərdə tutulan blokdan qalxa bilmədiklərini deyirlər.
Bəzi sakinlər pul ödəyib aldıqları qarajlarından da məhrum olduqlarını deyirlər. Bildirirlər ki, qarajları həmin supermarketə anbar kimi satılıb.
''Pilot Residence'' MTK-dan isə bildirildi ki, layihədə nəinki orada, bütövlükdə binanın daxili həyətində 3300 kv/m-lik ərazidə obyektin olması nəzərdə tutulub. Sakinlər üçün həyət isə həmin obyektin üzəri olacaq. Buna görə də obyekt tikilən blok sakinlərin girişi üçün bağlanıb. Maraqlısı isə odur ki, hələlik aidiyyəti qurumlar həmin obyektin tikintisinə tam icazə verməsələr də, indidən bloklardan birinin girişi tam bağlanıb.
Qarajın satılmasına gəldikdə isə, bildirildi ki, onların əvəzinə sakinlərə digər hissədən yer verilməsi təklif edilir. Ancaq sakinlər sənəddə qeyd edilən yeri istədikləri üçün hələlik problem həllini tapmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: