Şəkinin Vərəzət kənd sakini Təbriz Əliyev həyətdə quyu qazarkən qədim qəbir aşkarlayıb. Qəbrin daş qutu formasında olması onun diqqətini çəkib. O, dərhal qazıntını dayandıraraq aidiyyəti qurumlara müraciət edib.
Tapıntılar ekspertizaya göndərilib. Şəki Regional Elmi Mərkəzinin katibi Elşən Abdurəhmanov qəbrə baxış keçirərək onun daş qutu şəklində olması, yerləşmə istiqaməti, qəbirdə mərhuma aid əşyaların olmaması və digər dəlillərə görə onun təxminən iki min ilə qədər yaşı ola biləcəyini bildirib.
Elşən Abdurəhmanov qeyd edib ki, qazıntılar davam etdirilməlidir.
“Ərazidə digər qəbirlərin olması etimalı var, ona görə də burda sistemli şəkildə arxeoloji qazıntı aparılmalıdır''- deyə mütəxəssis əlavə edib.