Son günlər bölgələrdə baş verən yanğınlar zamanı zərər görən əmlakların sayı açıqlanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, 5 rayon ərazisində yanğın zamanı bir neçə yaşayış və qeyri-yaşayış obyektinə ziyan dəyib.
O bildirib ki, insalar mövsümü risqləri nəzərə alıb əmlaklarını sığorta etdirməli idilər. Həmin əmlakların sığortası olmadığı üçün, sahiblərinə sığorta ödənişləri edilməyəcək. Elmar Mirsalayev deyib ki, əmlak sığortası icbaridir və icbari sığortalar haqqında qanunla tənzimlənir. Yaşayış əmlaklarının bakıda sığorta haqqı 50, Sumqayıt və naxçıvanda 40, digər bölgələrdə isə 30 manat təşkil edir. Qaydalara əsasən aztəminatlı ailələr əmlaklarını sığortalayan zaman bu ödənişlərdən azad edilir. Əmlakın sığortalanmasının qarşılığında vətəndaşa dəyən zərərə görə, Bakıda maksimum 25 min manat, Sumqayıt və Naxçıvanda 20 və digər bölgələrdə isə 15 min manat məbləğində təminat verilir. O bildirib ki, vətəndaş könüllü olaraq daha çox sığorta haqqı ödəməklə təminatın məbləğini artıra bilər.
Elmar Mirsalayev avtomobillərin icbari sığortasına da toxunub. O avtomobilə dəymiş ziyana görə, maksimum 5 min manatlıq təminat paketinin artırıb-artırılmayacağına aydınlıq gətirib.
Qeyd edək ki, bu ilin 7 ayı ərzində ümumi sığorta bazarı yığımları 52 milyon manat artaraq 580 milyon manat olub. Sığorta ödənişləri isə 241 milyon manat təşkil edib.