Bakıda kişi keçmiş həyat yoldaşının evinə qumbara atıb. Hadisə səhərə yaxın paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəni Ağdam rayon sakini 39 yaşlı İntizam Nəcəfov törədib.
Polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində həmin şəxs ikinci dəfə qumbara partlatmaq istəyərkən saxlanıb. Ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisəni törətməkdə şübhəli bilinən İntizam Nəcəfov polis idarəsinə aparılıb.
Rəsmi məlumatda qeyd edilib ki, 3 uşaq atası olan İntizam Nəcəfov 12 il əvvəl boşansa da, hadisəni qısqanclıq zəmnində törədib. Qadının əmisi oğlu Arif Əhmədov bildirib ki, ailənin dağılmasına səbəb illər əvvəl tez-tez baş verən mübahisələr olub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.