"Koronavirusla əlaqəli fövqəladə vəziyyət baş verməsə, yeni tədris ilinə sentyabrın 15-də başlanması planlaşdırılır".
Xezerxeber.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, hazırda virusla bağlı vəziyyət qənaətbəxşdir.
Nazir direktor və müavinlərinin əməkhaqlarına edilən dəyişikliyə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu, maaş artımı yox, əməkhaqlarına edilən əlavələrdir. Yeni qərarın 865 direktor və 2343 direktor müavininə şamil edilməsi nəzərdə tutulur. Bu artımlar direktorların iş yükünə görə düzgün qiymətləndirilmələrinə gətirib çıxaracaq. Hazırda ölkə məktəblərində 11 mindən çox direktor və direktor müavini də dərs deyir. Onlar da gələcəkdə sertifikasiyada iştirak edəcəklər. Sertifikasiyanın nəticəsi ilə bağlı əlavələr həmin şəxslərə də tətbiq olunacaq.
Emin Əmrullayev müəllimlərin yeni qərardan sonra alacaqları maaş məsələsinə də toxunub. Nazirin sözlərinə görə, artım sertifikatlaşma imtahanında göstərilən nəticələrə uyğun tənzimlənəcək.
Emin Əmrullayev qızlar üçün məktəbli forması ilə bağlı təlimatda şalvarın şəklinin üzərindən xətt çəkilməsinə münasibət bildirib. Nazir deyib ki, belə hallar varsa və konkret məktəblərin nömrələri nazirliyə bildirilərsə, aidiyyəti üzrə tədbir görüləcək.
Nazir ümumtəhsil müəssisələrində rus bölməsində yerlərin məhdud olması məsələsinə də toxunub. O bildirib ki, rus bölməsində ümumilikdə təxminən 14 min yer var və 18 min müraciət daxil olur. Nəticədə avtomatik olaraq 4 min şagird boşda qalır. Əgər rus bölməsində yer yoxdursa, həmin şagirdlər Azərbaycan bölməsinə yönləndirilir. Nazirin sözlərinə görə, rus bölməsində yerlərin sayının artırılması qeyri-mümkündür.
Nazir məktəb psixoloqlarının maaşlarının hələ də artırılmaması məsələsinə də toxunub. Onun sözlərinə görə, hazırkı artımlar maaş artımları deyil, sadəcə olaraq əlavələrdir. İndiki mərhələdə əvvəla məktəblərdə psixoloji xidmətin mahiyyəti və mexanizmi dəyişdirilməlidir, sonra maaş artımı müzakirə oluna bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: