Məktəblərin açılmasına bir aydan da az vaxt qalıb. Bu o deməkdir ki, artıq məktəb alış-verişi həyəcanı başlayıb. Valideynlər münasib qiymətlərə mal təklif edən dükanlar axtarırlar.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda metrostansiyaların çıxışlarında məktəbli yarmarkaları təşkil edib.
Bakıda məktəbli yarmarkalarında qiymətlər digər satış məntəqələrindən azı 10 faiz aşağı olacaq. Üstəlik, qiymətlərə mütəmadi nəzarət ediləcək.
Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı İntiqam Məmmədov deyib ki, metrostansiyaların çıxışlarında və əhalinin sıx olduğu ərazilərdə 15-ə yaxın çadır tipli yarmarka fəaliyyətə başlayıb.
Yarmarkaların fəaliyyət göstərəcəyi bir ay ərzində mütəmadi monitorinqlər keçiriləcək. Süni qiymət artımı aşkarlanarsa, müvafiq tədbir görüləcək.
Yarmarkalarda yeni tədris ili üçün nəzərdə tutulan bütün mal və məhsulların satışı təşkil olunur. Həmçinin burada məktəbli formalarının satışı da nəzərdə tutulur.