Xəzər Xəbər

Qarabağ ermənilərinin seçimi: Qalmaq, yoxsa getmək? VİDEO

Terror və müharibə yolunu seçənləri çox sərt tədbirlər gözləyir
Veb TV | 21:00 • 20 Avqust 2022
Qarabağ ermənilərinin seçimi: Qalmaq, yoxsa getmək?

"Caliber" Qarabağ erməniləri ilə bağlı yeni süjet hazırlayıb. "Qarabağ erməniləri üçün düzgün seçim" adlı süjetdə qeyd edilib ki, Qarabağ erməniləri üçün burada qalmaq ən düzgün seçimdir.

Qarabağ erməniləri üçün qalmaq və ya köçmək məsələsi ilə bağlı düşüncələr özünün kulminasiya nöqtəsinə çatıb. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetində bildirilib.

"Qonşu dövlətin xaricdəki lobbisi baş verənlərə maksimal dərəcədə dramatik don geyindirməklə əsl qara komediya təşkil edib. Əslində isə Suriya və Livandan gətirilənlər istisna olmaqla, Qarabağ erməniləri yalançı təbliğatın əsirinə çevriliblər" - deyə videomaterialda qeyd olunub.

Qeyd edilib ki, buna baxmayaraq ermənilərin bir qismi anlayır ki, Azərbaycanın bütün Qarabağ üzərində yurisdiksiyasının bərpası onların yalnız otuz ildən artıq arzuladıqları yeni, firavan həyata başlamaq şansıdır.

"Təbii ki, İrəvanda Qarabağdan Ermənistana köçmək istəyən Qarabağ ermənilərinə sığınacaq verəcəklərini şifahi şəkildə vəd edirlər. Bununla belə, bir çox Qarabağ ermənilərinin Ermənistana köçməyə parlaq ümidləri yoxdur. Orada elə vəziyyət yaranıb ki, Paşinyan özü çətin ki, yeni sakinlərə kömək etsin. Üstəlik, 44 günlük müharibə zamanı və ya ondan dərhal sonra Ermənistana köçənlərin acınacaqlı nümunəsi var. Başa düşmək lazımdır ki, problem onlarda deyil, bütün Ermənistanın fəlakətli iqtisadi durumundadır və yaxın gələcəkdə yaxşılığa doğru hər hansı dəyişiklik gözlənilmir. Həyat səviyyəsi sadəcə olaraq qorxulu hala çevrilmiş Ermənistan Respublikasının sadə vətəndaşları revanşizmin tüğyan etdiyi elitalarına inanmadıqlarını gizlətmirlər" - deyə süjetdə vurğulanıb.

Videomaterialda bildirilib ki, artıq Ermənistanın heç Rusiyaya da ümidi yoxdur. Əgər əvvəllər Moskva işsizlikdən və yoxsulluqdan əziyyət çəkən ermənilər üçün bir növ yaxşı həyata alternativ idisə, indi bu variant yoxdur. Qarabağdakı erməni köçkünlər isə ümumiyyətlə Rusiyanın köməyinə və qondarma "müdafiəsinə" ümid edə bilməzlər. Çünki Moskvanın artıq pozmamalı olduğu 10 noyabr Üçtərəfli Bəyanatı var.

Qeyd edilib ki, bütün bunlara baxmayaraq ermənilərin alternativ yolu var - Azərbaycan vətəndaşlığını qəbul etməklə Qarabağda qalmaq.

"Əgər onlar Azərbaycan vətəndaşları haqqında xoşməramlı fikirdə olsalar, iş və sosial təminat olacaq. Sadəcə ona görə ki, Azərbaycanın daha güclü və daha sabit iqtisadiyyatı var, o, artıq Qarabağda əsaslı inkişafa və həyatın yaxşılaşdırılmasına yönəlib. Ancaq bu, ölkəmizin digər xalqları ilə sülh və harmoniyada yaşamaq istəyənlər üçündür. Terror və müharibə yolunu seçənləri isə tamam fərqli, çox sərt tədbirlər gözləyir" - deyə süjetdə qeyd edilib.

Xəbər lenti