Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun Hacıməlik qəsəbəsinə gedən yol bərbad vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, Hacıməlik qəsəbəsinin sakinləri Gəncə şəhərinə gedib-gələrkən Göygöl rayonunun mərkəzindən keçən magistral yoldan yox, daha yaxın olan torpaq yoldan istifadə edirlər. Ancaq bu yolun illərdir baxımsız və çala-çuxur olması onları təngə gətirib.
Yolun təmiri ilə bağlı rəsmi qurumlara müraciətlər isə həllini tapmır.
Bir çoxu işlə əlaqədar tez-tez Gəncəyə gedib-gələn Hacıməlik sakinləri deyirlər ki, onlar 18-19 km olan asfalt yolu yox, təxminən 4 km olan torpaq yolu seçmək məcuriyyətində qalırlar.
Səbəb isə yanacağa və zamana qənaətdir. Ancaq bu da onlara baha başa gəlir. Çünki yol bərbad vəziyyətdədir.
Qəsəbədə yaşayanlar deyirlər ki, tək Hacıməliyin yox, ətraf 5 kəndin sakinləri də bir çox hallarda bu yoldan istifadə edirlər.
Göygöl Rayon İcra Hakimiyyətinin isə məsələ ilə bağlı mövqeyi konkretdir: "Sözgedən yolun bərpası mümkün görünmür".
Qeyd edək ki, qəsəbə sakinlərinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciətinə də müsbət cavab verilməyib. Bildirilib ki, həmin yol Agentliyin balansında deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: