Biləsuvarda xaricdən ölkəmizə gətirilən narkotik vasitələr aşkarlanıb. Saxlanan şübhəli şəxsdən 19 kiloqramdan çox narkotik götürülüb. Lənkəran polisinin həyata keçirdiyi əməliyyatlar nəticəsində isə ümumilikdə 8 nəfər ifşa edilib.
Biləsuvar polisinin həyata keçirdiyi əməliyyat nəticəsində Xeyirxah Kurabbaslı adlı şəxs şübhəli qismində rayonun Səmədabad kəndi ərazisində saxlanılıb. Həmin şəxsdən dövlət sərhədini qanunsuz olaraq keçməklə ölkəmizə gətirdiyi 19 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən, ayrı-ayrı bükümlərdə 5 kiloqram 295 qram heroin, 1 kiloqram 360 qram metamfetamin, 4 kiloqram 560 qam tiryək, 6 kiloqrama yaxın həşiş qətranı və 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Lənkəranda keçirilən əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elçin Məmmədov ifşa edilib. Şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Elçin Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı zirzəmidən 2 ədəd bağlamada ümumi çəkisi 4 kiloqram 215 qram heroin aşkarlanaraq götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri ilə daha 7 nəfər yaxalanıb. Onların hər birindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 4-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.