Xəzər Xəbər

Prezident İlham Əliyev dörd ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib VİDEO

Veb TV | 21:40 • 16 Avqust 2022
Prezident İlham Əliyev dörd ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib

Bu gün Prezident İlham Əliyev dörd ölkənin Azərbaycana yeni təyin olunan fövqəladə və saləhiyyətli səfirlərini qəbul edib. Səfirlərlə söhbətdə dövlət başçısı həmin ölkələrlə qarşılıqla əməkdaşlıqdan danışıb.   

Prezident İlham Əliyev Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib. Qurbanməmmet Elyasov  Prezident İlham Əliyevə bildirib ki, səfiri təyin olunmağı barədə etimadnaməni və əvvəlki səfirin geri çağırılması haqqında məktubu təqdim etməyi özümə böyük şərəf sayıram. Daha sonra prezident İlham Əliyev səfiri salamlayaraq onu görməyinə şad olduğunu bildirib.  
 
Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun etimadnaməsini də qəbul edib.  Dövlət başçısı səfiri salamlayaraq onu Azərbaycanda görməkdən şad olduğunu deyib. 
Prezident həmçinin Argentinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin etimadnaməsini də qəbul edib. Argentina Prezidenti Alberto Fernandesin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıran səfir Marianxeles Belluşi etimadnaməsini Prezident İlham əliyevə təqdim etdi. Prezident İlham Əliyev Alberto Fernandesin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi. 

Dövlət başçısı  Almaniyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini də qəbul edib. Yeni səfiri salamlayan prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycan-Almaniya arasında əlaqələr hər zaman yüksək səviyyədə olub.  

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev bu əlaqələrin inkişafında Almaniyanın xüsusi rolunu da qeyd edib.  

Prezident İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən energetika, nəqliyyat və nəqliyyat dəhlizləri, ticarət, investisiya sahələrində geniş perspektivlərə malik olduğunu da vurğuladı. Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə böyükmiqyaslı mina problemi ilə üzləşməsi, Birinci Qarabağ müharibəsindən etibarən 4 min azərbaycanlının itkin düşmüş şəxs hesab edilməsi, həmçinin Azərbaycanın təşəbbüskarı olduğu və Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edən sülh gündəliyi məsələləri də müzakirə olunub.

Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri barədə də fikir mübadiləsi aparılıb.

 

Xəbər lenti