2 yaşlı oğlan uşağı narkotik istifadəçisi olan valideynləri tərəfindən işgəncəyə məruz qalıb. Bunu demək hər nə qədər çətin olsa da bəli, yaşanan olay həqiqətdir. Hadisənin şahidi olan polis əməkdaşları məsələyə müdaxilə ediblər. Nəticədə körpə ailədən alınaraq sığınacağa yerləşdirilib.
Bu balaca yanıq əllər 2 yaşlı oğlan uşağına məxsusdur. O əlini bilmədən sobanın üzərinə qoyaraq yandırmayıb. Bu məsum, günahsız körpənin əlini onun valideynləri bilərək yandırıb. Özü də siqaret kötüyü ilə...
Nərimanov rayonunda yaşayan ailənin körpəyə işgəncə verdiyini öyrənən polis əməkdaşları dünən gecə saatlarında məsələyə müdaxilə edərək uşağı sığınacağa yerləşdiriblər. Məsələ ilə bağlı danışan "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə körpənin hər iki valideyninin narkotik aludəçisi olduğunu bildirdi.
2 yaşlı uşaq sığınacağa gətirilən kimi həkim yoxlamasından keçib.
Körpənin əlinə sığal çəkmək əvəzinə, onu yandıran valideynlər haqqında araşdırma başladılıb. Valideynlər narkotik asılılığından qurtulana qədər körpə sığınacaqda qalacaq.