Azərbaycan bu gün şəhidləri ilə vidalaşdı. Laçında qaya parçasının həyatdan qopardığı 2 əsgər və minaya düşən zabit bu gün vətən torpağına əmanət edildilər.
Samir Xudiyev 19 yaşındaydı. Ailəsinin fəxri idi. Şəhidlə vidalaşmağa hər tərəfdən çox sayda insan gəlmişdi.
Ramana qəsəbə sakinləri, rayon rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri dəfn mərasimindəydi. Şəhid Ramana qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırıldı.
Ağstafa da şəhidini bu gün son mənzilə yola saldı. 20 yaşlı şəhid Tahir Əliyevlə əvvəlcə evində vida mərasimi keçirildi. Mərasimdə şəhidin dostları, şəhid ailələri, qazilər, rəsmi şəxslər də iştirak edirdi.
Ardından şəhidin nəşi dəfn edilmək üçün Yenigün kənd qəbristanlığının Şəhidlər xiyabanına aparıldı. Rayon sakinləri şəhidlə vidalaşmaq üçün axın etdi.
Şəhid Tahirin də atası oğlunun vətən sevdalısı olduğunu dedi.
Vida mərasimi başa çatdıqdan sonra şəhidvətən torpağına əmanət edildi. Büküldüyü üçrəngli bayraq isə atasına təqdim edildi.
Kəlbəcər rayonunda ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan Babək Əliyev də bu gün son mənzilə yola salındı. Naxçıvanın Culfa rayonunun Ləkətağ kənd qəbiristanlığında dəfn edildi. Babək hərbi liseyi bitirdikdən sonra 2020-ci ildən bölük komandiri kimi xidmət edib. Üç bacının bir qardaşı idi. Nişanlıydı.